Tehran Universitetinin professoru: Azərbaycan qısa müddətdə bütün sahələrdə çox sürətlə inkişaf etmişdir

 

Mən ikinci dəfədir ki, Bakıda Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edirəm. Azərbaycan qısa müddətdə bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələrdə çox sürətlə inkişaf etmişdir. Bu forumda müxtəlif ölkələrdən xeyli sayda nümayəndə iştirak edirdi. Mən onlardan Azərbaycan barəsində soruşduqda qonaqların hamısı öz razılıqlarını, minnətdarlıqlarını bildirirdilər. Deyirdilər ki, Azərbaycanlılar çox mədəni millətdir, ölkəniz mədəniyyət sahəsində xüsusilə çox inkişaf etmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Tehran Universitetinin professoru Bəhram Əmirəhmədian Şəkidə jurnalistlərə müsahibəsində söyləmişdir.

İranlı qonaq demişdir: "Millətlərin bir-birinə yaxınlaşmasında, çətinliklərin aradan qaldırılmasında ziyalılar, yazıçılar, sənət adamları çox böyük rol oynayırlar. Forumda səslənən bütün məruzələrin, çıxışların ideyası bir idi - xalqlar arasında düşmənçiliyi aradan qaldırmaq, dostluq əlaqələrini möhkəmləndirmək. Dünyanın, insanlığın gələcəyi məhz bundan asılıdır. Gərək dostluq olsun, dialoq olsun. İnsanlar bir-biriləri ilə danışmasalar, xalqlar bir-biriləri ilə tanış olmasalar, qlobal məsələləri həll edə bilməzlər. Bu səbəbdən də mən bu forumu beynəlxalq bir parlament kimi təsəvvür edirəm. Forumda müxtəlif ölkələrdən fərqli dünya görüşlü nümayəndələr iştirak edirdi. Amma hamının hədəfi bir idi - insan gələcəyi və insan taleyi. Bu baxımdan Bakı Forumu çox böyük əhəmiyyətə malikdir".

 

Azərbaycan.-2013.- 4 iyun.- S.6.